Separatizmin 30 ili | I Yazı: “Miatsum” ideyasının kökləri

Separatizmin 30 ili | I Yazı: “Miatsum” ideyasının kökləri
  22 Fevral 2018    Oxunub:5722
Bugünlərdə “Miatsum” (ermənicə “birləşmə”) adlandırılan növbəti erməni avantürasının 30 illiyi tamam oldu. Gəlin, bununla bağlı üç mühüm suala cavab tapmağa çalışaq: “Miatsum”a aparan yol necə başladı, Ermənistan və Qarabağ erməniləri “Miatsum”la nə qazanıb, nə itirdilər və bu yolun sonu nə olacaq?!
Qədim tarixi olmayan xalqlar uydurduqları saxta tarixlərini mümkün qədər çox keçmişə aparmaq üçün real tarixi olanlardan daha çox canfəşanlıq edir, mubaliğələrə yol verirlər. Yalanlarının üstünün açılmasından qorxaraq, olmayan faktlar ortaya atıb, daha çox şişirtməyə çalışır, başqalarını daha çox inandırmaq üçün qədim mifologiyaya, dini kitablara, az qala nağıllara da istinad edirlər. Erməni tarixində belə hallar həddən artıq çoxdur. Bununla belə, başqa xalqlardan nəsə oğurlamaq, mənimsəmək, özünə sərf edən şəkildə uyğunlaşdırılmaq da ermənilərə xasdır.

Miatsumu çox zaman yunanların Enozisi və almanların Anşlyusu ilə müqayisə edirlər. Bəri başdan qeyd edək ki, Anşlyusla müqayisə yersizdir. Ən azından ona görə ki, Avstriya Almaniya tərəfindən ilhaq olunub, işğal yox. İkincisi isə, Avstriya həmin dövrdə qüdrətli Habsburqların, əsrlər boyu Avropada ən güclü imperiyanın varisi olan müstəqil dövlət idi. Qarabağ isə Azərbaycanın tərkibində olan muxtar vilayət.

Enozislə müqayisədə isə oxşarlıqlar həddindən artıq çoxdur. Həm ermənilər, həm yunanlar bir-biri ilə yaxınlıq hiss edirlər, hər ikisi özlərini eyni kökdən – Ari mənşəli sayır, türkə nifrət edirlər və s. Enozis - Kiprin Yunanıstana birləşməsi hərəkatı da eynilə Miatsum kimi qırğınlarla müşayiət olunub. 1974-cü ildə türk ordusu gəlməsəydi, adadakı türklər soyqırımı nəticəsində tamamilə məhv olardılar.

Hər ikisinə də dəstəyi pravoslav Rusiya vermişdi. Yunanlara eyni məzhəbdən olduqları üçün, ermənilərə isə Qafqazdakı satellit əlaltıları və geosiyasi vassalları olaraq. Üstəlik də, Enozisə dəstək vermək SSRİ-yə lazım idi, çünki bununla iki NATO ölkəsi - Türkiyə və Yunanıstan arasında ixtilaflar daha da dərinləşə bilərdi.

Rusların əsas məqsədi Aralıq dənizində Kipr adasında hərbi baza yaratmaq idi. SSRİ həmin dövrdə BMT-də yunanları müdafiə edən əsas dövlət idi. Eynilə, Rusiya da Cənubi Qafqazda münaqişə ocağı saxlamaqla burada özünün daimi iştirakını təmin etmək istəyirdi. Kreml rəhbərliyi erməniləri müdafiə edirdi. Qarabağ məsələsində olduğu kimi Kiprdə də din xadimləri, kilsə qızışdırıcı rol oynamışdı. Onların separatçılar üçün həm ideoloji, həm də siyasi yol göstərən olmuşdu. Həmin dövrdə Kiprin prezidenti arxiyepiskop III Makarios idi. Ermənistanda isə Vazgen xalqı qızışdırmaqla məşğul idi. Din xadimləri sülh yaratmaq əvəzinə, münaqişə yaratmaqla məşğul idilər. Kilsələr isə, istər Qarabağda, istər yunan Kiprində cəbbəxanalarına çevrilmişdi.

Təəssuf ki, hər ikisində də türk əhalisinə qarşı məhz milli soykökünə görə soyqırımı törədilmişdi. Lakin böyük bir fərq də var idi: Kiprdə bu hərəkat başlayanda ada artıq ingilislərdən müstəqillik əldə etmişdi. Adada iki icma - yunan və türk icmaları bərabərhüquqlu şəkildə yaşayırdılar. Yunanlar Yunanıstana birləşmək istəyirdilər. Qarabağ isə heç zaman nə müstəqil, nə də Ermənistanın tərkibində olmamışdı. O, tarix boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdu.

Qarabağ erməniləri burada süni yolla demoqrafik üstünlük qazanmışdılar. Onlar 1813-1828-ci illər Gülüstan-Türkmənçay müqavilələri ilə bu ərazilərə Rusiya imperiyasının köməyilə köçmüşdülər. Hətta 1978-ci ildə bu böyük köçün 150 illiyi şərəfinə abidə də qoymuşdular. Ermənilərin Qarabağda heç zaman müstəqil xanlıq, bəylik və s. dövlətçilik təsisatları olmamışdı.

Erməni mənbələrinə nəzər saldıqda, onlar guya 1960-cı illərdə Azərbaycan SSR tərəfindən sosial-iqtisadi diskriminasiyaya məruz qaldıqları üçün Ermənistana birləşmək arzularının olduğunu etiraf edirlər. Lakin bu, kökündən yanlış bir yanaşmadır. Çünki Azərbaycan həmin dövrdə Moskvaya tabe müttəfiq respublika idi və onun tabeçiliyində olan muxtar vilayəti diskriminasiyaya məruz qoyması mümkün deyildi. Eyni zamanda, ötən əsrin 60-cı illəri iki fövqəldövlət arasında Yerdə və Kosmosda qızğın silahlanma yarışının getdiyi bir dövrə təsadüf edirdi. SSRİ-nin bütün iqtisadiyyatı ABŞ-la rəqabətə yönəlmişdi və belə bir şəraitdə ölkə əhalisi qıtlıqla üzləşmişdi.

Ermənilərin qarşısını həmin dövrdə Heydər Əliyevin Azərbaycan SSR DTK-nın rəhbəri olması dayandırdı. Elə 1980-ci ölkələrin sonunda, daha dəqiqi 1988-ci ildə onların baş qaldırmasının səbəbi 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodakı vəzifəsindən uzaqlaşdırılması oldu. Bundan istifadə edən ermənilər Miatsum fikrini ortaya atdılar.

Ermənilərin milli ideyası hesab etdikləri Miatsum Böyük Ermənistan planlarının tərkib hissəsidir. Dənizdən dənizə Böyük Ermənistan isə hələ ki, Sərsəng su anbarı ilə məhdudlaşıb.

(II yazı ermənilərin “Miatsum”dan nə qazandıqları haqqında olacaq)



Nəzakət Məmmədova
AzVision.az



Teqlər: #Miatsum   #Separatizm  





Xəbər lenti